Əşrəf Murad görkəmli azərbaycanlı rəssam, Abşeron rəssamlıq məktəbinin nümayəndəsidir. Uşaqlıqdan rəsmə böyük marağı olan Əşrəf Murad təhsilini 1946-cı ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq məkəbində başlamış, 1954-cü ildən İ.Repin adına Leninqrad Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun rəssamlıq fakültəsində davam etdirmişdir.
Əşrəf Murad portret janrında yaratdığı əsərlərlə rəssamlığımıza böyük töhfə vermişdir. Onun sosial və siyasi məzmunlu portretlərində (“Lenin Smolnıda”, “Səsvermə”, “Valentina Tereşkova”) dövrünün reallığı, rəssamın həmin reallığın həqiqi iştirakçılarına olan dərin marağı əks olunub. Öləziyən işıq, qaranlıq fonda solğun vücudlar, kölgəli gözlər – bütün bunlar sənətkarı fərqli və təkrarolunmaz edir.
Əşrəf Murad natürmort və mənzərə janrlarında da xeyli əsər yaratmışdır. Bunların sırasında “Kənddə”, “Qarpız”, “Güllər”, “Pomidor vaxtı” və başqalarını misal gətirmək. Rəssamın natürmortlarında yaşamaq həvəsi, hərəkət, nikbinlik, peyzajlarında dərin və səmimi vətən sevgisi var.
Leyla Əhməd Xan
26 oktyabr 2019