Bakı, 1935-ci il. Üzeyir Hacıbəyli yeni yaratdığı Azərbaycan Dövlət Filarmoniyasının Rəqs və mahnı ansamblı üçün istedadlar axtarışı səbəbi ilə məmləkətimizin mədəniyyət ocaqlarını, rəqs klublarını gəzir. Belə klubların birində sonralar isimləri dillər əzbəri olacaq Leyla Bədirbəyli, Əminə Dilbazi kimi bir çox istedadları aşkara çıxararaq, ansambla gətirir. Onların sırasında Əlibaba Abdullayev də vardı.

Böyük rəqqas və xoreoqraf, Azərbaycan SSR Xalq artisti Əlibaba Abdullayev Azərbaycan rəqs sənətini zirvəyə qaldırmış ilk və, bəlkə də, yeganə şəxsiyyətdir. Heç bir xoreoqrafiya təhsili olmayan Ə.Abdullayev Allahdan verilən böyük istedadı, əzmkarlığı, rəqsə olan dərin sevgisi və tutqusu sayəsində sənətə dərindən yiyələnə bilmişdir.

1936-cı ildə filarmoniyada fəaliyyətə başlamış rəqqas 1941-ci ildə mahnı və rəqs ansamblında bədii rəhbərin asistenti, qısa müddət sonra isə həmin ansamblın bədii rəhbəri vəzifəsinə təyin olunur. Həmin ildən mahnı və rəqs ansamblına yeni nəfəs gəlir. Belə ki, o, xalq ənənələrini rəqs vasitəsilə səhnəyə gətirmiş, millilik prinsipini qorumuşdur. O, həmçinin, Azərbaycanda rəqqas sənətinin populyarlaşmasında da böyük rol oynamışdı.

Əlibaba Abdullayev bu günə qədər məşhur olan bir çox rəqs quruluşlarının müəllifidir: “Naz eləmə” (həm də musiqinin müəllifidir), “Nağaraçılar rəqsi” (“Şəki rəqsi”), “Qaval rəqsi”,  “Bəy rəqsi”. Xoreoqraf milli kinomuzun ən yaddaqalan nümunələrində rəqs səhnələrinin quruluşçusu olmuşdur: “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Fətəli xan”, “Dəli Kür”, “Ulduz”, “Əhməd haradadır” və başqaları. Əlibaba müəllim həm də Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında, Azərbaycan Dövlət Musiqili teatrında rəqslərə quruluş vermiş, sonuncuda aktyor kimi də fəaliyyət göstərmişdi.

Əlibaba Abdullayev böyük şəxsiyyət idi. Onun hər bir işinin əsasında xalqa xidmət dururdu. Əlibaba müəllimin Azərbaycanın milli mədəniyyətinin qorucularından biri olmasını onun 1974-cü ildə “Azərbaycan gəncləri” qəzetində çap olunmuş “Xalq rəqslərimizi qorumaq hamının borcudur” məqaləsində aydın şəkildə görə bilərik.

Allah ona rəhmət eləsin və Allah əvəzini versin…

Leyla Əhməd Xan