Kamal Əhməd böyük Azərbaycan rəssamı, Abşeron rəssamlıq məktəbinin görkəmli nümayəndəsidir.

1940-cı ildə Bakıda anadan olan rəssamın uşaqlığı Ağdamda keçir. Valideynlərini kiçik yaşlarında itirən Kamal Əhməd çox keçmir ki, Şüvəlan uşaq evinə verilir. Elə həmin uşaq evinə qonaq gələn böyük şairimiz Səməd Vurğun Kamal Əhməd`in qeyri-adi istedadını qiymətləndirən ilk sənətkar olmuşdu.

Kamal Əhməd uşaqlıqdan rəsm dərslərinə həvəslə gedir və bu həvəs, istək onu Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə gətirir. İlk müəllimi Vəcihə Səmədova olur. Sovet sosialist realist təfəkkürünə qarşı çıxan Kamal Əhməd hər zaman azad düşüncəsi ilə fərqlənib. O, portret (“Ailə”, “Mirzə Şəfi və Mirzə Ələkbər Sabir`in Pirosmani`yə ziyarəti”, “Avtoportret”, “Çılpaq”, “Söhbət”, “Şərq motivi”), natürmort (“Ay ilə natürmort”), mənzərə (“Goradil kəndi”, “Abşeronda bahar”, “Abşeronda Novruz bayramı”) və mücərrəd (“Atın ay xiffəti”, “Köpəklər”) janrda əsərlər yaratmışdır. Onun əsərlərinin qəhrəmanları şüuraltı aləmdən gələrək real cildlərə girən məxluqlardır. Bu tərzin yaranmasında rəssamın üzərində onunla sıx münasibət quran Mircavad Mircavadovun, eləcə də onun kiçik qardaşı, Abşeron məktəbinin təməlini qoyan Mirtofiq Mircavadovun böyük təsiri vardır. Kamal Əhməd böyük rəssam Səttar Bəhlulzadəylə də dost idi. Rəssamların yaradıcılıq tərzi baxımından bənzərlikləri olmasa da, hər ikisi klassik poeziyamızı, xüsusən Füzuli`ni dərindən bilirdi.

1987-ci ildə Kamal Əhməd`in ilk fərdi sərgisi baş tutur. Həmin illərdə onun əsərləri bir sıra ölkələrdə nümayiş olunur: İtaliya, ABŞ, Rusiya, Yaponiya, Türkiyə, Polşa, Əlcəzir və s. 1988-ci ildə rəssam Moskva Ümumittifaq sərgisində iştirak edir. Həmin sərgidə iştirak edən İtalyan kuratorlar Kamal Əhməd`in əsərlərini yüksək qiymətləndirərək onu İtaliyaya dəvət edirlər. 1989-cu ildə İtaliyanın Vareze şəhərində keçirilər Sovet rəssamlarının sərgisində iştirak edib. Eyni zamanda, yaratdığı “Salvador Dali`yə ithaf” 1989-cu ildə əsəri Xəzəryanı respublikaların I Biennalesində Qran-Pri mükafatına layiq görülüb.

Rəssam 1994-cü ildə Bakıda dünyasını dəyişib. Qeyd edim ki, onun son əsəri “Avtoportret. Çarmıxa çəkilmə” olmuş, ölüm səbəbindən natamam qalmışdır.

Allah rəhmət eləsin…

Leyla Əhməd Xan

8 dekabr 2019