Adil Bəbirov, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, görkəmli bəstəkar, səs rejissorudur. Musiqi təhsilini tarzən olaraq başlamış, Ü.Hacıbəyov adına Azərbaycan Konservatoriyasında Qara Qarayevin sinfində bəstəkar olaraq davam etdirmişdir. Adil Bəbirov, yazdığı əsərlərin sayının azlığına baxmayaraq, Azərbaycan musiqi tarixində mühüm dərin izlər buraxmış görkəmli bəstəkardır. Qələmə aldığı hər bir əsərilə o, musiqi sənətinin inkişafında yeni cığır açmağı bacarmışdır. İstər mahnıları (“Mən anayam”, “Bənövşə”, “Bilirsən özün”, “Anam gəlini” və s.), istər fortepiano əsərləri (“Prelüd və skerzo”, “Sonata”, “Tokkata” və s.), istərsə də digər instrumental bəstələri (fortepiano və violin üçün “Konsert pyesi”) – hər biri musiqiçilər və dinləyicilər tərəfindən sevilir. Bu da Adil Bəbirovun böyük istedadından xəbər verməkdədir.

“XX əsrdə musiqi mədəniyyətimizdə yeni səhifə açan dahi Üzeyir bəy Hacıbəylinin gətirdiyi muğam və aşıq musiqisindən və bu sistemin yöntəmlərindən yaralanma prosesi başlamışdı. Həmin prosesin bir sıra daşıyıcıları və davamçıları olmuşdur: Səid Rüstəmov, Qəmbər Hüseynli, Cahangir Cahangirov, Ramiz Mirişli və, təbii ki, Adil Bəbirov. Əgər S.Rüstəmov “muğam dürüstlüyü”, Q.Hüseynli mükəmməl aşıq musiqi bilgisi ilə önə çıxırsa, Adil Bəbirov “muğam mühəndisliyi” ilə digərlərindən seçilir. Bunu biz onun mahnılarında aydın görə bilərik.”

Aydın K.Azim

Adil Bəbirov yazdığı sayılı fortepiano əsərləri ilə Azərbaycan fortepiano məktəbinin inkişafına təkan vermiş danılmaz isimlərdəndir. Bəstəkar, həmçinin, yeganə simfonik əsəri, diplom işi olaraq təqdim etdiyi, fəqət nə yazıq ki, heç zaman səhnədə səslənməyən Simfonik poemanın müəllifidir.

Leyla Əhməd Xan

12 oktyabr 2019