Antonio Lucio Vivaldi dahi italyan bəstəkarı, violino ifaçısı, müəllimi və dirijorudur. O, Barokko musiqi dövrünün ən parlaq nümayəndəsi olmaqla günümüzdə ən çox dinlənən bəstəkarlar sırasındadır. Vivaldi concerto grosso`nun ustası, instrumental və opera janrlarının gəlişməsində mühüm rol oynamış bəstəkardır. Dahi alman bəstəkarları Johann Sebastian Bach və Joseph Haydn`ın yaradıcılıqlarına Vivaldi`nin böyük təsiri vardır. J.S.Bach ilk konsertlərində Vivaldi`nin mövzularından istifadə etmişdi.

Yaratdığı dövrdə bütün Avropada məşhurluq əldə edən bəstəkar ölümündən sonra unudulur. XX əsrdə italyan musiqi alimlərinin səyi nəticəsində Vivaldi`nin əlyazmaları üzə çıxır, bununla onun ismi və musiqisi bütün dünyaya yayılır.
Antonio Vivaldi 1678-ci ildə Venesiyada dünyaya gəlmişdir. Atası – Giovanni Battista Vivaldi bərbər olmağına baxmayaraq, violino`da çalmağı bacarırmış və, görünür, musiqi peşəsini bərbərlikdən çox sevirmiş. Buna görə o, dövrünün məşhur bəstəkarları Giovanni Legrenzi və Antonio Lotti ilə birlikdə “Müqəddəs Sesilia musiqiçiləri” adlı Venesiya musiqiçiləri qardaşlığı yaratmışdır. Balaca Antonio`nun ilk musiqi dərslərini məhz atası və onun adları çəkilən dostlarından aldığı təxmin olunur.
Vivaldi təhsilini San Geminiano və San Giovanni in Oleo kilsələrində davam etdirir və 1703-cü ildə keşişliyə qəbul olunur. Öz dövrü üçün qeyri-adi sayılan kürən saçlarına görə onu “kürən keşiş” çağırarmışlar. Elə həmin ildə o Venesiyanın dörd ən prestijli qadın sığınacağlarından biri sayılan “Pio Ospedale della Pietà”da violino müəllimliyinə başlamışdı. Orada qızlardan ibarət ansambllar, xorlar təşkil etmiş, onlar üçün əsərlər yazmışdır – violino üçün 12 sonata (op.1, 2), “L`estro armonico” (op.3), “La stravaganza” (op.4) və s. Vivaldi həmin illərdə Teatro Sant`Angelo`da da işə başlamışdır. Bu illərdən Vivaldi bəstəkar kimi yetişməyə başlamış, opera və konsertlərinin çox hissəsini yazmışdır: “Ottone in Villa” (RV 729), “Orlando finto pazzo” (RV 727), “Arsilda, regina di Ponto” (RV 700), L’incoronazione di Dario (RV 719), “La costanza triumfante dei amori e degl’odii” (RV 706), “Juditha triumphans devicta Holofernis barbarie” (RV 644) və başqaları. Vivaldi öncə Venesiyada, sonra bütün Avropada məşhurlaşmışdır. O, müxtəlif şəhərlərin nüfuzlu insanları tərəfindən saraylara dəvət almış, orada kapelmeyster və digər vəzifələrdə çalışmışdır.
1718-ci ildə Vivaldi Mantuyaya yollanır. Orada gələcəyin məşhur opera muğənnisi, uzun müddət onunla əməkdaşlıq etmiş Anna Giraud ilə tanış olur, “Tito Manlio” (RV 738) operasını yazır. Milanda keçən yaradıcılıq dövründə o, “La Silvia” (RV 734) operasını bəstələyir. 1722-ci ildə Vivaldi Romaya yollanır və Papa Beneditto XIII`nun qarşısında konsertlərlə çıxış edir. Vivaldi`nin məşhur “İlin fəsilləri” konsertləri də bu dövrə aiddir.
Karyerasının zirvəsində olduğu illərdə o Avropanın tanınmış ailələrindən sifarişlər alır və nəticədə Praqa və Vyanaya yollanaraq bir çox önəmli əsərlər yazır: “La Gloria, Imeneo” (RV 687), “La cetra” (op.9), “Farnace” (RV 711), “Griselda” və başqaları.
1740-cı ildə Karl VI tərəfindən dəvət olunmuş Vivaldi`nin taleyi imperatorun ölümü və Avropada başlanan müharibənin nəticəsində dəyişir. Bütün teatrların qapadıldığı bir il ərzində Vivaldi yoxsulluq içində yaşayır və 1741-ci ildə dünyasını dəyişir.
Leyla Əhməd Xan
3 dekabr 2019