Fortepiano musiqisinin inkişaf  tarixinə nəzər saldıqda görürük ki, XX əsrin əvvələrində fortepiano alətinin imkanlarını genişləndirmək, dəyişkən tembr, yeni səslənmə əldə etmək üçün bəstəkarlar müəyyən texnologiyalar kəşf etmişlər. Məhz bu səbəbdən “öncədən hazırlanmış piano” termini və səs hasilolunma üsulu tətbiq olunmağa başlanmışdır. Həm klavişli, həm zərb, eləcə də simli alətin xüsusiyyətlərini özündə cəmləşdirən pianonun yeni imkanlarının aşkarlanması dünya bəstəkarlarının səyi nəticəsində ərsəyə gəlmişdir. İlk dəfə bir termin olaraq “öncədən hazırlanmış piano” ifadəsi və bu yazı sisteminin kəşfi XX əsr Amerika bəstəkarı Con Keycə məxsusdur. Bu sistemlə bağlı əsər yazan bəstəkar, müxtəlif ölçülü kiçik metalik və səsboğucu əşyaları simlərin arasına yerləşdirərək,  ksilofon, çan, müxtəlif  zərb alətinin tembrinə bənzər dəyişkən çalarlara nail ola bilmişdir.

Azərbaycan bəstəkarlarının yaradıcılığına nəzər saldıqda qeyd etmək olar ki, ilk dəfə olaraq bu sistemdən Fərəc Qarayev öz fortepiano sonatasında istifadə etmişdir. Bu bəstəkarlıq texnikasına əsaslanaraq daha bir əsər ərsəyə gətirən bəstəkarlarımızdan biri də  Aydın Əzimovdur.

A.Əzimovun öncədən hazırlanmış piano üçün yazılan “La makam” adlı fortepiano pyesi yaradıcılığında özünəməxsus yanaşma tərzi  və digər əsərləri kimi parlaq milli semantik məzmunu ilə seçilir.  Bu əsər özündə muğam təfəkkürünün bədii ünsürlərini daşıyır. 1980-cı ildə yazılmış əsər, bəstəkarın müasir  bəstəkarlıq texnologiyasına dair baxışlarının parlaq təzahürüdür.

İlk öncə əsərin adının semantikasına nəzər salaq. “La makam” sərlövhəsi ərəb dilindən tərcümədə “məqam deyil” anlamında şərh olunur. Bəstəkar A.Əzimov bu əsərlə bağlı mülahizələrində qeyd edir ki, “La makam” adı “muğam olmayan, muğam deyil” mənasında təfsir oluna bilər. Əsərin “La makam” adlandırılması ideyası  bəstəkarın bu fortepiano pyesini ilk dəfə dinləyən  Azərbaycan pianoçusu Firuz Məmmədova məxsusdur. “La makam” əsərində  sırf muğam sitatları istifadə olunmamışdır. Lakin eyni zamanda vurğulamaq lazımdır ki, musiqi materialının dərin qatlarında həm muğam və eyni zamanda da aşıq musiqi təfəkkürünün ünsürləri müxtəlif koqnitiv modellər formasında təqdim edilmişdir.

Musiqi materialının təhlilindən  görünür ki, ümumilikdə əsərin ölçülərinin qeyd olunmaması və müəyyən intonasiya yığımına əsaslanması muğam təfəkkürünün nəticəsidir. Burada ifaçının seçiminə uyğun şəkildə aleatorik qəliblər bir və ya bir neçə dəfə təkrarlana bilər və hər bir fazanın səslənmə müddəti müxtəlif ola bilər. Bu kontekstdə Şərq musiqi mədəniyyətinə nəzər saldıqda, görürük ki, istər hind raqalarında, türk makamlarında, istərsə də Azərbaycan muğamında hər bir intonasiya qəlibi üçün “geniş fəza” düşüncəsinin olması zəruridir.  Şərq musiqi təfəkkürünü qeyri-adi edən və ona zənginlik gətirən məhz bu amildir ki, “La makam” əsəri muğam təfəkkürünün bu ümdə xüsusiyyətini özündə əks etdirir. Əsərin mayə funksiyasını yerinə yetirəcək “bir səsə” bağlılığı, bu ton üzərində müəyyən intonasiya yığımının düzənli şəkildə tərtib olunaraq təkrarlanması və öz inkişafını tapması həmçinin muğam təfəkkürünün əsas prinsiplərindən hesab olunur. Bu sadalanan amillər ifaçıya öz təxəyyülünü, improvizə imkanlarını bəstəkarın göstərdiyi qəliblər çərçivəsində çeşidli kompozisiya şəklində qurmağa imkan verir. Bu xüsusiyyət muğamın improvizə təbiəti ilə müəyyən uyğunluqlar təşkil edir.

“La makam” əsərinin not yazısı da müasir yazı prinsipi ilə diqqət çəkir.  Bəstəkar tərəfindən edilən mühüm qeydlər aşağıdakı kimi təfsir olunmuşdur:

Aleatorik yazı texnikasına əsaslanan əsərdə müəyyən qruplaşmış not seriyası, təkrarları yol veriləcək müxtəlif melodik quramaların ifa edilmə üsulu xüsusi işarələrlə qeyd olunmuşdur:

A.Əzimov aşağıdakı bu not nümunəsində  isə simlərə toxunacaq vidələrin  müəyyən olunmuş harmonik obertonları verəcəyini təfsir etmişdir. Bəstəkar bu açıqlamanı  verməklə əsərin ifası zamanı, məhz bu səslənmənin tətbiq olunması prinsipini əsas məqsəd olaraq göstərmişdir:

Əsərin əvvəlindən sonunadək bütövlükdə “mi”  tonu “dəm” funksiyasını daşıyaraq meditativ planı tərtib edir və bu leytsəs sanki “maye” funksiyasını daşıyır. “Mi” tonu bu ritmik qrup  xe   üzrə ostinatoluq prinsipi ilə  bütün əsəri müşayiət edir. Əsəri Avropa musiqi nəzəriyyəsi baxımından təhlil etdikdə,  onun heterofoniya yazı üsuluna aid olduğunu görərik. Lakin  A.Əzimovun nəzəri görüşlərinə istinad etsək belə nəticəyə gəlmək olar ki, bu əsər aşıq musiqi prinsiplərinə uyğun olaraq “döymə” üsulunda yazılmışdır (1;1,2), yəni  xüsusi ritmik strukturla saxlanılan ostinato və üzərində cümlələrlə səslənən qurama qəliblər. Bu xüsusiyyət aşıq musiqisinin əsas prinsiplərindən hesab olunur və burada öz təzahürünü tapır:

Burada “mi-si” leytinterval birləşməsi əsər boyu basda periodik olaraq səslənir. Əsərin meditativ planının semantikası “mi, mi-si” intonasiyası üzərində qurulması ilə izah olunur. Əsər boyu “mi” leytsəsi üzərində qafiyə intonasiya səslənir. (1;3)

Hər bir fraza həmin qafiyə intonasiya quruluşu ilə başlayıb dəyişkən formada davamını tapır . Əsərin  inkişaf  xəttində “fa” səsinə istinad və “mi”səsinə yenidən qayıdış müşahidə olunur. Lakin bəstəkarın fikrinə görə, əsərin əsas ton funksiyası “mi-fa” hesab oluna bilər. Fortepiano pyesinin orta hissəsi aleatorik prinsipdə müxtəlif intonasiya yığımına gətirib çıxarır.

Sona doğru Üz. bəy Hacıbəylinin təbiri ilə desək, şərti olaraq “boyatı” üsulunda qurama   təqdim olunur. (3;188)

İntonasiya inkişafının növbəti  mərhələsində döymə üsulunda  başlanğıc intonasiyaya qayıdış baş verir, koda olaraq “mi-si” interval  kompleksinin “ayaq-kadensiya” funksiyasında dəfələrlə səslənməsi və “si” brevisinin ifası ilə bitir. Burada cümlələr muğam sənətinin terminologiyası ilə desək, “nəfəs-nəfəs” səslənir.  Əsərin ümumi formasını bir hissəli kompozisiya şəklində  hesab etmək mümkündür.  Muğam ifaçılığının önəmli cəhətlərindən biri hər bir cümlənin – “nəfəs”in öz təsdiqini tapması üçün gözlənilən pauzalardır ki, bu əsərdə zaman anlayışı sərbəst şəkildə öz ifadəsini tapır. Bu səbəbdən “La makam” adı  semiotik  bir amilə çevrilmişdir.

Əsərin intonasiyalarından yığılma  səs  düzümü  – modus şəklini ümumiləşdirib aşağıdakı kimi şərh etmək olar:

Yazılı mənbələrə əsaslanaraq  qeyd etmək lazımdır ki, burada təsvir olunan modus,  şərti olaraq aşıq musiqisində “Ayaq divanı”  havasının məqam-intonasiya quruluşu ilə uyğunluq təşkil edir. (4;27,29)

Göstərilən “Ayaq divani” havasından aşağıdakı səs düzümü ərsəyə gəlir:

Göstərilən səsdüzümü ilə “La makam” əsərinin  məqam-intonasiya  modusunu müqayisə etdikdə belə qənaətə gəlirik ki, fortepiano pyesinin səs modelinin ilkin tetraxordu alterasiyaya uğramışdır.

Haşiyəyə çıxıb qeyd etmək lazımdır ki, A.Əzimovun bir çox əsərlərində çox zaman müşahidə olunan  kvartalılıq prinsipi muğam-aşıq musiqi təfəkküründən qaynaqlanır  və bəstəkarın bütün yaradıcılığının intonasiya simvolunu təşkil edir.

Beləliklə, A.Əzimovun “La makam” adlı əsəri müasir bəstəkarlıq texnologiyasının müxtəlif təmayüllərinin milli musiqinin koqnitiv modelləri ilə yüksək bədii səviyyədə uzlaşmasının mümkünlüyünu bir daha  sübut etmişdir. Müasir dövrün Azərbaycan bəstəkarlarının  yaradıcılığında bu xüsusiyyət çox az müşahidə olunsa da, lakin yuxarıda qeyd olunan fikirlərin  məhz A.Əzimovun əsərlərində  ən parlaq təzahürünü sezə bilərik. Bəstəkar əsərdə muğam təfəkkürü və müasir bəstəkarlıq texnologiyasını üzvi surətdə əlaqələndirmiş  və burada onların kəsişən cizgilərini təfsir etməyə nail olmuşdur.

İstifadə olunan ədəbiyyat:

  1. Əzimov A. “Zakir Mirzəyev.Qurama və oyun havaları”.Bakı,Mütərcim, 2014, s. 1,2,3
  2. Əzimov A. “La makam”., Bəstəkarın şəxsi kitabxanası, Bakı.,1980.s.1,2,4.

3.Hacıbəyli Ü. “Seçilmiş əsərlər”,Bakı,Yazıçı, 1985, s.188.

  1. Məmmədov T. “Aşıq sənəti”, Bakı, Şur nəşriyyatı, 2002. s. 27, 29.
  2. https://ru.wikipedia.org/wiki/Кейдж,_Джон

Ulkar Ashurbayova (Mammadli)

The researcher of ASCAU, teacher, composer

Summary

INTERSECTING ASPECTS OF MUGHAM THINKING AND CONTEMPORARY COMPOSING TECHNOLOGY IN THE ‘LA MAKAM’

OPUS BY COMPOSER AYDIN AZIMOV

Keywords: piano, mugam, thinking, leytsound, cognitive model

In the article intersecting aspects of mugam thinking and contemporary compositional technology in the ‘La Makam’ composition of composer Aydin Azimov were researched.  ‘La Makam’ composition, which initially was composed for piano, was analyzed in detail. The important points of presenting elements of mugam thinking and ashug music in the form of various cognitive models was also investigated in this fortepiano work.

Улькер Мамедли

Диссертант АГУКИ, преподаватель,композитор.

РЕЗЮМЕ

НЕКОТОРЫЕ АСПЕКТЫ ПЕРЕСЕЧЕНИЯ МУГАМНОГО  МЫШЛЕНИЯ С ПРИНЦИПАМИ СОВРЕМЕННОГО КОМПОЗИТОРСКОГО ПИСЬМА В ПРОИЗВЕДЕНИИ АЙДЫНА АЗИМОВА “ЛА МАКАМ”

ключевые слова: фортепиано, мугам,мышление,лейтзвук,когнитивные модели

            В предлагаемой статье автор исследует некоторые аспекты синтеза мугамного мышления с принципами современной композиторской техники в произведении композитора  Айдына Азимoва “Ла макам”. В статье  подробно анализируется данная композиция, написанная для заранее препарированного фортепиано. Кроме того исследованы вопросы интерпретации когнитивных моделей, свойственных мугаму и ашыгкскому исскуству.