Açar sözlər: səs, milli semantika, vətən.

Bir sıra musiqişünasların fikrincə, insan səsi ilk musiqi alətidir. Sərhədsiz və geniş imkanlara sahib insan səsinin istifadəsi dünyanın hər bir bölgəsində – müxtəlif mədəniyyətlərdə fərqli istifadə olunur. Standart oxuma tərzləri sırasında diafraqma səsi və baş səsi ilə yanaşı dünya xalqlarının mədəniyyətində müxtəlif ifa üsulları da müşahidə olunur. Dünya musiqi tarixinə nəzər saldıqda, burada vokal musiqisinin müxtəlif ifa üsullarına rast gəlinir. Belə ki, İsveçrədə “yodel” texnikası, İsveçdə “kulning”, Gürcüstanda “Krimançuli”, “Gamkivani”, hind karnatik musiqisində boğaz və qırtlaq texnikası, muğamatın ifasında qırtlaq (zəngulə) texnikası, eləcə də türk xalqlarına məxsus – Eskimoslarda “katajjaq”, Tibet, Monqolustan, Tuvada 3 tonlu boğaz texnikası olan “overtone singing” və digərləri mövcuddur.  Qazax musiqişünası S.Uteqaliyeva “Türkdilli xalqların musiqisinin səs dünyası” adlı məqaləsində bu baxımdan türk xalqlarının musiqisini qədim və zəngin ənənələrə dayanan bir mədəniyyət olaraq göstərir, araşdırmalarında türklərin musiqisində səs aləminin rəngərəng olduğunu qeyd edir. Tədqiqatçı, səslə ifada xüsusi qırtlaq texnikasına sahib tuvin və altay qayçi xalqlarının oxuma tərzini də vurğulayır. IX əsrdə yaşayan, türk alimi, ilk dəfə muğam səs sistemini geniş şəkildə şərh edən Əl-Fərabi musiqinin güclü təsirə malik ünsiyyət vasitələrindən biri olduğunu qeyd etmişdir. Məlum olduğu kimi səs, nitq, jest, mimika kimi  musiqi də ən populyar ünsiyyət  və ifadə vasitələrindəndir.

Vokal mədəniyyətinin özünəməxsus cəhəti ondan ibarətdir ki, burada informasiya 2 kanal üzrə catdırılır: melodiya və verbal mətn. Həm şifahi, həm də yazılı ənənəli musiqi mədəniyyəti müəyyən işarələr sisteminə malikdir. Məhz bu amil musiqi sənətinin metodoloji prinsiplərinin araşdırılmasında semiotika elminin tətbiqi üçün imkan yaradır. Ümumiyyətlə, musiqi semiotikası sahəsində aparılan tədqiqatlardan belə nəticə hasil olur ki, musiqi sənəti zəngin semiotik özəlliklərə malikdir. İnsan musiqini dinləyərkən eşıtməklə bərabər, onu ağlı və ruhu ilə dərk edir. Musiqinin və onun semantikasının qavranılması,  ortaya çıxan musiqi məntiqinin dərki bir neçə aspektdən araşdırıla bilər. Musiqiyə Amerikan filosofu Çarlz Pirsin nəzəriyyəsindən yanaşdıqda burada da musiqi işarəsinin indeks-ikon -simvol növlərini aşkar etmək olar.

Məlum olduğu kimi, bəstəkar vokal musiqiyə müraciət edərkən, səs tembri, registr,  poetik mətnin obraz-emosional aləminin semantik ifadəsində mühüm rol oynayır. Bu baxımdan dahi Azərbaycan bəstəkarı Üz. bəy Hacıbəyli milli semantikası ilə seçilən vokal musiqinin klassik nümunələrini yazmış, gələcək nəsillərə bir örnək, zəngin irs əmanət etmişdir.

Azərbaycan bəstəkarlıq məktəbində milli musiqi semantikasının təzahürü baxımından Əməkdar İncəsənət xadimi, bəstəkar, professor Aydın Əzimovun əsərləri böyük maraq kəsb edir. Bəstəkarın müxtəlif janrlarda yazdığı əsərlərdə vətən mövzusunu təfsir etmişdir. Ümumilikdə qeyd etmək lazımdır ki, türksoylu xalqların konseptsferasında vətən konsepti son dərəcə böyük önəm daşıyır və milli-mənəvi dəyərləri özündə birləşdirir. Əsrlər boyu “Vətən sağ olsun” deyə canları bahasına yurdunu qoruyan, “Göy üzü çadırımız” deyə sərhədlərini  genişləndirən  türk xalqları hər zaman ayaq basdıqları torpağa sahib çıxmışlar. Türklərin əsgi inanclarına görə vətən – “Gök Tanrının yer üzündəki kölgəsi”dir. Türk dünyasının qədim dastanlarından olan “Kitabi Dədə Qorqud”un boylarında və digər “Oğuznamə”lərdə vətəni qorumaq, vətənin bütövlüyünün daxili və xarici sarsıntılardan mühafizə etmək  mövzuları yer almışdır. Bu baxımdan “Salur Qazanın evinin yağmalanması” boyu vətən sevgisi və düşmənlərə qarşı mübarizə mövzusunda təqdim edilir.

Göstərilən kontekstdə bəstəkar A.Əzimovun vokal musiqi əsərlərində bu mövzunun təfsirinin araşdırılması maraq doğurur. Bu sıraya “Vətən” xor və piano üçün poema (1973), “Bizim qala”  uşaq xoru, balabanlar, davul və nağara üçün alqış (1981), Ə.Cavadın sözünə “Bayrağım” bariton, xor və simf. ork. üçün alqış (1996), H.Cavidin sözünə  “Düşünün”  bariton və orqan üçün poema (1996); mahnıları silsiləsindən “Gəl, gəl a yaz günləri”, “Vətən” və s. əsərlərini aid edə bilərik. Yuxarıda qeyd etdiyimiz əsərlər öz poetik mətninin fəlsəfəsinə uyğun musiqisi,   yaddaqalan melodik strukturu, milli bədii təfəkkürü ilə xarakterikdir. A.Əzimovun əsərlərindəki ritm, intonasiya, motiv, müəyyən tembr seçimi, musiqinin mənalandırılmasına xidmət edən pauza belə, bəstəkarın semantik düşüncəsinin ifadəsi sayıla bilər.

1990-cı illərdə cərəyan edən Dağlıq Qarabağ hadisələrinə biganə qalmayan bəstəkar Bəxtiyar Vahabzadənin sözünə “Vətən”, H.Cavidin sözünə “Düşünün” mahnıları və digər əsərləri ilə öz münasibətini bildirmişdir.

Məqalənin tədqiqat obyekti bəstəkarın 1994-cü ildə Bəxtiyar Vahabzadənin sözünə qələmə aldığı “Vətən” mahnısıdır.  Əsər müğənni Arzu Rzayev tərəfindən ifa olunmuşdur.Bu illərdə cəbhədə müşahidə olunan gərgin vəziyyət, düşmən tapdağında qalan vətən torpağı, xalqı və eləcə də onun ziyalılarını narahat edən aktual problem idi. Azərbaycanın görkəmli şairi, vətənin azadlığı uğrunda çarpışan, şeirləri ilə xalqını səfərbərliyə çağıran B.Vahabzadə bəstəkar A.Əzimovla əlaqə saxlayır və yeni bir iş birliyi arzusunda olduğunu söyləyir və ona yeni şeirlərini təqdim edir. Bu şeirlərdən bəstəkar yuxarıda adı çəkilən mahnı üçün “Vətən” qəzəlini seçir. Şeirin son dərəcə güclü poetik məzmunu, torpağına həsrət qalan insanın harayını əks etdirən misraları, cəsur bir azərbaycan türkünün surətini əks etdirir. İlk öncə qəzəlin mətninə nəzər yetirək:

Çağırır imdi bütün milləti imdada Vətən!

Dəyişilməz ey oğul Cənnətə dünyada Vətən.

 

Bizə meydan oxuyan bilməlidir birdəfəlik,

Nə satılmaz, nə verilməz binədən yada Vətən.

 

Ulular uymadı var-dövlətə, yalnız dedilər:

Ən böyük zinətimiz daima dünyada Vətən!

 

Vətən eşqindən alır Bəxtiyar öz qüdrətini,

Döyünür qəlbi hər an, hər yeni misrada Vətən!

 

Şeir əruz vəzninin rəməl bəhrində yazılmışdır. Bəhrin təfilələri aşağıdakı strukturu əmələ gətirir:

fail’Atun-fail’Atun-fail’Atun-fAilun

Mahnının poetik mətninin əsasını 4 beyt təşkil edir və əsərin musiqi forması aşağıdakı kimi şərh olunur:

 

 

Təhlil etdiyim mahnının musiqi formasını müəyyən mənada Azərbaycan xalq ədəbiyyatının ən yayqın janrlarından olan Bayatının (aaba) quruluşu ilə müqayisə etmək olar. Göstərilən forma özəllikləri bəstəkarın musiqi təfəkkürünün milli semantika ilə bağlılığının təzahürüdür.

“Vətən” mahnısı çağırış intonasıyası üzərində qurulan, nişibi-fəraza istinad edən valtornanın solosunda təqdim edilən girişlə başlayır. Mahnının məhz bu siqment ilə bitməsi mövzunun mühüm dramaturji funksiyasından xəbər verir.

Vokal periodda qəzəlin ilk misrasına əsaslanan melo-bənd “mi” mayeli dilkeş modelinə əsaslanır. Birinci misra – iki dəfə təkrarlanır.

İkinci misra – ikinci cümlənin birinci frazası şüştər muğamına əsaslanır.

Üzzal şöbəsinə istinad edən ikinci frazada  yenidən şüştərə qayıdış müşahidə olunur. Hər iki misra musiqidə kuplet formasını əmələ gətirir.

Mahnının orta hissəsində “cis” səsinə – Üzzal pərdəsinə istinad müşahidə olunur.  Tədqiq etdiyim əsərin dramaturji xəttində həmin hissə kulminasiya (və yaxud aşıq musiqi terminologiyasına istinadən “zilləmə”) funksiyasını yerinə yetirir.

Orta hissənin ikinci misrası isə Xocəstəyə istinad edir.

Orta hissəni tamamlayan keçid basda “mi” predikti ilə müşayiət olunur. Eyni zamanda vokal partiyada “vətən” kəlməsi ilə müşahidə olunan zildən bəmə doğru səslənən keçid fraza Şüştər muğamının Tərkib hissəsinə – “si” səsinə istinad edir. Sonda giriş hissənin musiqisi qismən dəyişilmiş halı ilə səslənir və mahnının dramaturji xəttini tərtib edir.

Ümumiyyətlə, məqam-intonasiya baxımından mahnının ümumi modeli  və hər bir bölmənin  modusu aşağıdakı sxemdə öz əksini tapmışdır.

Beləliklə, bəstəkar A.Əzimov mahnının məqam-intonasiya inkişafında milli-modal musiqinin müxtəlif moduslarını uzlaşdıraraq bir vəhdət halında təqdim etmişdir. Apardığım təhlilin nəticələrini ümumiləşdirərək qeyd etmək lazımdır ki, “Vətən” mahnısının musiqi dilinin bütün ünsüləri milli semantika ilə üzvü şəkildə bağlıdır və  kiçik janr çərçivəsində böyük fəlsəfi fikirlərin ən parlaq ifadəsidir.

 

 İstifadə olunan ədəbiyyat:

  1. Akbay E. “Ses ve müzik tekniği”. Yenişehir-Kırıkkale. 6 səh.

2.Əsgərova A. «“Oğuznamə”nin dili». Bakı, “Təhsil” NPM, 2011, 128 səh.

  1. Kitabi Dədə-Qorqud.Əsil və sadələşdirilmiş mətnlər. Bakı, “Öndər”nəşriyyatı, 2004. 40 səh.
  2. Uteqaliyeva S. “Звуковой Мир Музыки Тюркоязычных Народов”.2010.2 səh.
  3. Veysəlli F. “Semiotika”. Bakı, Mütərcim, 2010, 208,209 səh.
  4. https://en.wikipedia.org/wiki/Inuit_throat_singing
  5. https://en.wikipedia.org/wiki/Kulning
  6. http://bozuuukcalar.blogspot.com/2008/10/enstruman-olarak-insan-sesi.html
  7. https://en.wikipedia.org/wiki/Overtone_singing
  8. https://www.youtube.com/watch?v=qiA2QTCZZwA

Xülasə

Məqalədə vətən konteksti və bəstəkar Aydın Əzimovun vokal yaradıcılığında yer alan “Vətən”mahnısının milli semantik təzahürü araşdırılmışdır. Mahnı Bəxtiyar Vahabzadənin “Vətən” qəzəlinə yazılmışdır. Əsərin təhlili qəzəlin beytləri və melodik