Balaban Azərbaycanın qədim nəfəsli çalğılarından biridir. Bəzi mənbələrə görə yaranış tarixi eramızdan əvvələ qədər gedib çıxır. Balabana Azərbaycanda “balaman”, “mey” də deyirlər. Balaban sözünün mənası çeşidli sözlüklərdə fərqli izah olunur. Belə ki, sözlüklərin bir çoxunda çalğının isminin iki sözün birləşməsindən əmələ gəldiyi deyilir: “bala” (yüksək, zərif, həzin) və “ban”(banlamaq sözündən). Bəzi musiqiçilər balamanı bağlama ilə uyğunlaşdıraraq, “bağlama” (çalğı, alət deməkdir) sözünün zamanla dəyişikliyə uğrayaraq “balaman” halına gəldiyinə inanırlar. Həmçinin, qeyd etmək lazımdır ki, balaban aşıq sənəti ilə bağlı çalğıdır.

Balaban qoşa qamışlı, əsasən tut ağacından yapılan çalğıdır. Qamışın yumşaqlıq və sərtliyinin alətin səsinə böyük təsiri vardır. Belə ki, yumşaq qamışlı çalğının səsi sərt, sərt qamışlı balabanın səsi isə yumşaq olur. Gövdəsinin alt hissəsində bir, üst hissəsində isə səkkiz oyuq vardır. Azərbaycanda bölgədən bölgəyə (Bakı, Şirvan, Naxçıvan, Şəki) ifa tərzi dəyişir. Bunun nəticəsində “yastı balaban” anlayışı da meydana gəlmişdir.

Məşhur balaban ifaçıları: İzzətalı Zülfüqarov, Həsrət Hüseynov, Bəhruz Zeynalov, Ələkbər Əsgərov, Babək Vəzirov və b.

Leyla Əhməd Xan

4 noyabr 2019