Cavad Mircavadov böyük rəssam, Abşeron rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən biridir. Özünəməxsus üslubu olan, əsərlərini yaşadığı zamana əks abstrakt tərzdə yaradan Cavad Mircavadov dövrünün ən cəsarətli, ən üsyankar və hürr rəssamlarındandır deyə bilərik. Ruhuna zidd olan Sovet ölkəsində sıxılan, sərhədlərə sığmayan rəssamın əsərlərindəki kəskin kontrastlı boyalar, ilk baxışdan ağır və kobud görünən obraz və təsvirlərin arxasında azadlıq arzusu durur. Cavad Mircavadov bu dünyaya sehirli bir aləmdən baxır.

Cavad Mircavadov Bakı kəndlərinin birində doğulmuş, hələ uşaq ikən Fatmayı kəndinin qumları üzərində dəniz sularının yuyub apardığı ilk rəssamlıq təcrübələrini keçirmişdi. 1949-cu ildə rəssam Leninqrada köçmüş və beş il Ermitajda fəhlə kimi çalışmışdı. O, Ermitajda işlədiyi vaxtları özü üçün əsl təhsil illəri hesab edir. Rəssamı Leninqradda görünüş və davranışının oxşarlığına görə “Papaşa Sezan” da adlandırırdılar. 1954-cü ildə o, Azərbaycana dönür.

Rəssam ənənəvi yağlı boya ilə kətan üzərinə çəkilmiş əsərləri (“Çəpərdə”, “Triada. Dik-Tik”, ”Atılmış at”, “Cadugər Qabon”), eləcə də qeyri-ənənəvi və həmin dövr üçün yeni hesab edilən kağız, qum, metal, daş, sementdən yararlanmaqla yaratdığı “Avinyon qadınları”, “Kollaj”, “Tanrı”, “Relyefli kompozisiyada qırıntılar” və s. əsərlərin müəllifidir. O, Azərbaycana rəssamlığın epik tərzini gətirəndir.

Sovet ideologiyasına zidd düşüncəyə malik rəssam uzun müddət qəbul olunmasa da, rəssamlıq cəmiyyətində böyük hörmət qazanmış sənətkardı. Onun yaradıcılığını yüksək qiymətləndirənlərdən biri də zəmanəmizin nəhəng yazarı Çingiz Aytmatov olmuşdu.

Leyla Əhməd Xan

23 oktyabr 2019