Clarinetto ağac nəfəs çalğıları qrupuna aid yayğın sazdır. Çalğının adı “clarus” (latınca) sözündən əmələ gəlmiş, “aydın”, “təmiz” (səs) mənası verir. Clarinetto`nun 1690-cı illərdə alman musiqi ustası Johann Christoph Denner tərəfində yaradıldığı deyilir.

Clarinetto ağacdan, çox zaman ebonitdən hazırlanmış silindrvari təkqamışlı sazdır. Gövdəsi (təxminən 70 sm) üzərində qapaqlarla örtülmüş dəliklər yerləşməkdədir. Dəliklərin sayı tarix boyu alətin gəlişməsi nəticəsində dəyişmişdir. Hazırki zamanda clarinetto üzərində 23-ə qədər dəlik olmaqdadır. Çalğı beş hissədən ibarətdir. Ən yuxarı hissə – müştük üzərində qamış yerləşir. Hava axını qamışa toxunduqda sonuncuda titrəyiş yaradır, buna görə qamışın (onun keyfiyyətinin) clarinetto`nun səs keyfiyyətinə böyük təsiri vardır. Hava barmaqların istifadəsi ilə açılıb qapadılan qapaqlar vasitəsi ilə dəliklərdən axır. Səs çalğının son hissəsi olan bir qədər genişlənmiş ağızdan çıxır.
Clarinetto`nun növləri vardır: clarinetto piccolo in Es (D), clarinetto in B (ən çox istifadə olunan), clarinetto in A, clarinetto in C (nadirən çalınan), clarinetto basso in B. Çalğının səs diapazonu kiçik oktavanın mi`sindən üçüncü oktavanın la`sına qədərdir. Amma clarinetto`nun növündən asılı olaraq diapazonu kiçik fərqlərlə dəyişir.
Clarinetto solo, ansambl və simfonik (həmçinin nəfəsli) orkestrlərin tərkibində istifadə edilən çalğıdır. O, Avropada, eyni zamanda Türkiyədə, Azərbaycanda və Balkan ölkələrində xalq musiqisinin ifasında yayğın və sevilən alətdir.
Məşhur clarinetto ifaçıları: Benny Goodman, Əli Əkbər Əsgərov, Nadir Axundov və başqaları.
Leyla Əhməd Xan
30 noyabr 2019