Concerning Azerbaijan -Turkish music thinking methods

Abstract: Azerbaijan-Turkish music thinking and its methods is being mentioned in the article. In the article, the thoughts about Azerbaijan music culture’s new growth phase has found its reflection.

Məqalədə Azərbaycan-türk musiqi təfəkkürü və onun yöntəmləri barədə söhbət açılır. Burada Azərbaycan musiqi mədəniyyətinin yeni inkişaf mərhələsinə dair fikirlər öz əksini tapmışdır.

Key words: music thinking, mugam, ozan

Musiqi tariximizin postüzeyirbəy dövrünün Fikrət Əmirov, Qara Qarayev və Soltan Hacıbəyov kimi nəhəng bəstəkarlarımızın fəaliyyəti və sonucu olaraq meydana gətirdikləri dəyərli əsərlərinə diqqətlə nəzər salsaq musiqimizın müvəffəqiyyət dolu bir  önəmli dönəmin sona yetməsini açıq şəkildə görə bilərik. Bu dönəmin qısaca tərifini versək, məziyyətlərini açsaq rahatlıqla deyə bilərik: bu dönəm prinsip etibari ilə Azərbaycan xalqının yüzillərcə cilaladığı, bəslədiyi musiqisindən bilavasitə istifadəsi dönəmidir. Yəni burada az da olsa Azərbaycan xalqının musiqi təfəkkürünün inkişafından söz gedə bilməz, daha çox  onun nəticəsində meydana gələn  musiqi nümunələrinin Avropa üslubunda yüksək professional ustalıqla istifadəsindən bəhs edilə bilər. Əslində dəyərli bəstəkarlarımızın keçdiyi yol musiqimizin inkişafında qazanılan bir ilmə və bizim üçün yəni onlardan sonra gələn və özləri yetişdirdikləri bəstəkarlar üçün böyük və əvəzsiz təcrübədir. Zaman isə  Azərbaycan musiqi təfəkkürünün  inkişafı və özünəməxsus estetikası zamanıdır deyə düşünürəm. Zatən bunun  rüşeymləri yuxarıda hörmətlə yad etdiyimiz bəstəkarların əsərlərində mövcuddur və ən ümdəsi dahi Üzeyir Hacıbəylinin fəaliyyəti nəticəsinə olğunlaşan musiqi və elmi işlərində çox açıq şəkildə görünməkdədir. Müsayidənizlə musiqi təfəkkürü haqqında bir neçə kəlmə demək istərdim.

Hər bir xalqın musiqi təfəkkürü, onun musiqi mədəniyyətinin formalaşması və inkişafında önəmli yeri olan mühim amilidir. Əgər milli musiqi təfəkkürü saxlanılırsa, dəyərli musiqi ənənələrimiz qorunaraq üzərində yeni cığırlar açılırsa bu artıq musiqi mədəniyyətimizin zənginləşməyi, daha da yüksəlməsi  deməkdir.  Toxunduğum mövzu zənn edirəm ki, Türk və Azərbaycan musiqi mədəniyyəti üçün önəmli olan məqamlara diqqəti çəkəcəkdir. İlk öncə deməliyəm ki sözü gedən mövzu haqqında fikirlərim, çoxdandan bəri irəli sürdüyüm tezisə bağlıdır: “Musiqi və dil, musiqi və şeiriyyət əkizdirlər, əkiz yaranıb və bir-birinə qaynaqdırlar”. (1; 2) Bu 2 məvhum  bir-birilə vəhdət təşkil edir. Musiqi və ya sözün hansı öncə olmasını heç bir kəs yəqinliklə deyə bilməz, isbat edə bilməz. Azərbaycan-türk  musiqi təfəkkürünün şəkillənməsi məhz bu vəhdətdən irəli gəlir. Ozan- aşıq mövcudiyyəti buna misal və sübutdur. Amma  indiki zamanda  aşıq dediyimiz sənəti və ayrılmaz tərkibi olan musiqisi tamamilə öz səmtini dəyişmiş, müxtəlif erroziyalara məruz qalmışdır. Çeşidli sosial və tarixi səbəblərlə, müharibələrdən dolayı, “ozan”dan dönüb gəlib “aşığ”a ki,  hətta bu terminin anlamını “aşiq” kimi mənalandırırlar. Qeyd edim ki, bu düşüncə tamamilə ozan institutuna,  sənətinə zidd bir ifadədir və heç cür boylarımızın bu böyük sənətini xarakterizə etmir.

Muğamatımızın təməli ozan-aşıq sənətindən gəlir. Sözlə musiqinin vəhdəti burada özünü aydın büruzə verməkdədir. Azərbaycan muğamının şəkillənməsi də məhz ozan- varsağ-yanşaq- aşıq musiqi ənənələrindən qaynaqlanır və təfəkkür etibariylə üç yöntəm üzrə formalaşmışdır. Onun ikisi Üzeyir bəy tərəfindən və türk tədqiqatçı alimi Müzəffər Sarısözən tərəfindən  açıqlanmışdır. Hər ikisinin qiymətli fikirləri bir-birini tamamlamışdır. Üzeyir bəy Azərbaycan xalq musiqisi haqqında məqalələrinin birində bəhrli və bəhrsiz musiqidən söz açır.(2; 186,187,188)  Bəhrsiz musiqiyə xalq “boyatı” deyər deyə Üzeyir bəy burada qeyd edir. Məndə qeyd edim ki, boyatının yəni bəhrsiz oxumanin ritmik strukturunu formalaşdıran türk dilimizdir , sözdür, şeirdir və yaxud poetik fikirdir. Xanəndə  sözün ritminə görə, sait və eləcə də samit səslərin ardıcıllığına bağlı uzadaraq  və ya qapataraq  uyğun şəkildə çeşidli bəhrsiz boyatı ifa edər. Burada demək lazımdir ki, “boyatı” termini Hindistandan tutmuş ta Ərəbistana, Misirə qədər bir coğrafiyada, o cümlədən İranda da istifadə olunur. Tanınmış türk alimi Müzəffər Sarısözən “Türk Halk Musikisi usüllerı” adlı kitabında bəhrsiz ifaya uzun hava deyər (3; 2). Buradan anlaşılır ki, boyatı elə uzun havadır. Boyatı yadda qalan mənasını da verməkdədir. Boyatı həm də qalıcı olub daha çox yetişən, xalqın hafizəsində qalan, nəsildən-nəsilə keçən və s. anlamdadır. Deməli boyatı əslində bizim dilimizdə “klassik”, “mükəmməl” mənasını da  ifadə edir. Musiqi təfəkkürümüzün ikinci yöntəmi  ritmi və vəzni məlum olan “kəsmə” – yəni bəhrli musiqi yöntəmidir ki, buna türkülər, manilar, təsniflər, rənglər, güftələr, şərqilər və s. vəzni bəlli olan musiqi janrları daxildir. Müzəffər Sarısözən öz kitabında bu yöntəmi “kırık hava” olaraq qeyd etmişdir. Demək ki, uzunhava  elə boyatıdı, kırık hava isə bizdə kəsmə olaraq təşəkkül tapmışdır. Adını çəkdiyimiz “kəsmə” kəlməsi Şirvanda aşıq musiqisində daha çox istifadə olunur.  Azərbaycan-türk musiqi təfəkkürünün üçüncü bir yöntəmi də var ki, boyatı ilə kəsmənin birləşməsidir. Buna da Şirvan bölgəsində “döymə” deyilir. Ritmik strukturun eynilə ostinato şəklində saxlanması və onun üzərinə bəhrsiz oxuma üsulunun əlavə olunması ilə meydana gəlir. Əgər bu fikri muğamatımızda nəzərdən keçirsək görərik ki, bizim muğam dəstgah formasında həm boyatı, həm kəsmə (təsnif və rənglər),  həm də zərbi muğam dediyimiz döymə müşahidə olunur. Dəstgahlarda döymə mütləq olmalıdır. Döymənin hər zaman zərbi muğam və ya ritmik muğam kimi adlanması bizim musiqi ictimaiyyətində nədənsə ənənə halını almışdır. Deməli bu üç yöntəm Azərbaycan musiqi təfəkkürünü formalaşdıran amillərdir.

Mən, bir bəstəkar kimi tələbə vaxtından məhz bu istiqamətdə  musiqi bəstələyir və hətta diplom işimdə də “Bitiq” adlanan 2 hissəli bir əsər yazmışdım. Adı çəkilən əsərdə   I hissə – “Uzun hava” yəni bəhrsiz prinsip üzərində qurulmuş, II hissə isə “Bəhmanı” yəni  kəsmə yöntəmi üzrə yazılmışdır. Bu əsərin hissələri arasında bir tək döymə yox idi. Ozan – Aşıq musiqisində bir çox qaydalarımızda bunun qarışığı vardır. Belə ki, bir çox aşıqlar əvvəl boyatı oxuyarlar və yaxud sazda boyatı çalarlar, sonra kəsməyə, ardından döyməyə keçərlər. Şirvan aşıqları çox zaman hər üçünü ifa edərlər və məhz bu səciyyəyə görə onları xanəndə deyə adlandırırlar. Çünki onlar həm muğam oxuyurlar, həm də yeri gələndə dastanlar söylər, kəsmə və döyməni də ifa edərdilər. Musiqi təfəkkürun inkişafı zənnimcə önəmli bir məsələdir və gələcək musiqimizi formalaşdıracaq amillərdəndir.   Musiqimizdə uzun havanı yəni boyatını, kəsmə və döyməni yazmaq bacarığı artıq düşünülməlidir və tətbiq edilməlidir. Düşünürəm ki, Azərbaycanda yeni musiqi texnologiyası yaranmalıdır və bu səpkidə iş aparmalıdır. Gerçək Azərbaycan musiqisinin ta özünün yuxarıda adını çəkdiyimiz yöntəmlərlə inkişafı çox vacibdir. Təkrar olsada deməliyəm ki, bunun rüşeymləri başda Üzeyir bəy olmaqla bütün bəstəkarlarda vardır. Düşünürəm ki, musiqi alimlərimizin  araşdırmaları və təhlilləri Ümumtürk musiqi təfəkkürunun öyrənilməsi istiqamətində aparmalıdır.  Bu araşdırmalar aparılması xalqımızın musiqi texnologiyasının yenilənməsi və onun musiqi mədəniyyətinin daha yüksək olmasına xidmət edər. Məsələn, Avropa musiqi mədəniyyəti deyərkən onların musiqi texnologiyası nəzərdə tutulur. Aşkar görünür ki, musiqi tarixinin hər bir dönəmdə texnologiyanın dəfələrlə dəyişməsi və yeni əsərlərin meydana gəlməsi musiqi mədəniyyətinin yüksəlməsinin təməli olmuşdur. Onların musiqi tədris müəssisələrində harmoniya, polifoniya kimi elmlər tədris olunur və tələbə təhsil aldığı müddətdə bu biliklərə yiyələnərək həmin texnologiyada musiqi yazmaq bacarığı əldə edir. Biz isə nə yazırıq, nə tədqiq edirik, nə üçün tədqiqat aparırıq?  Musiqimizin gələcəyini biz təmin etməliyik. Çünki bir ölkənin musiqi texnologiyası yoxdursa, onun musiqi mədəniyyəti də yoxdur. Bizdə muğamat və ozan-aşıq musiqisinin texnologiyası var. Amma onu inkişaf etdirmək üçün, yeniləmək üçün səbrlə çalışmalıyıq deyə düşünürəm.  Üzeyir bəyin təbiri ilə desək indiki dövrə nəzər salsaq  bina dağılmış vəziyyətdədir. Bu böyük binanın təmirata və yenilənməyə ehtiyacı vardır.

Biz Azərbaycan musiqi təfəkkürünün təfərrüatını, geniş imkanlarını bərabər təhlil edib və gənc bəstəkarlarımızı da yeni texnologiya ilə yazmağa yönəldib, onları zəmanəmizə uyğun yeni bədii nailiyyətlərə sövq etməliyik.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:

  1. Əzim.A.K., “Zakir Mirzəyev. Qurama və oyun havaları” dərs vəsaiti., Bakı., Mütərcim., 2014.
  2. Hacıbəyov Üz., “Üzeyir Hacıbəyov” seçilmiş əsərləri ., Bakı., Yazıçı., 1985.

3.Sarısözən M., “Türk Halk Musikisi usüllerı”., Ankara., Musiki yayınları., 1956.