Fikrət Əmirov dünyada tanınmış böyük Azərbaycan bəstəkarıdır.
Fİkrət Əmirov 1922-ci ildə anadan olmuş və Gəncə şəhərində böyümüşdür. Atası Məşədi Cəmil oğlunu tar sənətinə yiyələndirmiş, onun ilk musiqi müəllimi olmuşdur. Hələ uşaq ikən kiçik Fikrət tez-tez bacısı Yaxşı xanımı türkülərimizi oxuyarkən məharətlə müşayət etmişdir.
Fikrət Əmirovun Bakıya gəlməsinin ən böyük təşəbbüskarı dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyli olmuşdur. O, vaxtilə istedadlar axtarışında ikən Gəncəyə gəlmiş, burada Uşaq Yaradıcılığı Olimpiadasında çıxış edən gənc Fikrətin məharətini diqqətə alaraq, ona təhsilini Bakıda davam etdirməyi məsləhət görmüşdür. 1939-cu ildə Fikrət Əmirov orta təhsilini başa vurub Bakıya gəlir və Azərbaycan Dövlət Konservatoriyasının (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının) bəstəkarlıq fakültəsinə qəbul olunur, əvvəl Ü. Hacıbəylinin, sonra isə məşhur kompoziya müəllimi Boris Zeydmanın sinfində dərs alır. Diplom işi olaraq yazdığı “Nizami” simfoniyası ilə Konservatoriyanı müvəffəqiyyətlə bitirir. Bu əsər bəstəkarın Azərbaycan musiqi tarixinə ilk tovhəsidir. Əsər yaylılar üçün yazılmış və Nizami Gəncəvinin 800 illik yubileyinə həsr olunmuşdur.

Fikrət Əmirovun yaradıcılığı çoxşaxəlidir. O, simfonik, opera, balet, kamera-instrumental, vokal əsərlərinin müəllifidir. Teatr və kino üçün nümunəvi, yaddaqalan musiqi bəstələmişdir.
Fikrət Əmirov simfonik muğam janrının əsasını qoymuşdur. Belə ki, bəstəkar “Şur”(1948), “Kürdü-Ovşarı”(1948), “Gülüstani Bayatı-Şiraz”(1971) kimi ilk nümunələri yazmışdır. Məhz ondan sonra Niyazi “Rast”, Tofiq Bakıxanov “Çahargah”, “Nəva”, “Rahab” və s. simfonik muğamlarını qələmə almışlar.
Fikrət Əmirov dörd hissəli “Azərbaycan süitası”, “Azərbaycan kapriççiosu” kimi möhtəşəm simfonik tabloların müəllifidir. Bəstəkar opera və balet janrlarında “Sevil” lirik-psixoloji operası (C.Cabbarlının eyni adlı pyesi əsasında), “Nəsimi”, “Min bir gecə” və “Nizami” baletlərini yazmışdır. Fikrət Əmirov fortepiano və orkestr üçün iki konsertin müəllifidir. Eləcə də müxtəlif kamera-instrumental, romans və xalq mahnılarının işləməri ilə məşhurdur. F. Əmirov Azərbaycan musiqi kültüründə dərin iz buraxmışdır.
Unudulmaz bəstəkar 1984-cü ildə Bakıda qəflətən dünyasını dəyişmişdir.
Leyla Əhməd Xan
22 noyabr 2019