Fortepiano, və ya pianoforte XVIII yüzillikdə İtaliyada yaranmış çalğıdır. Fortepiano dünyada ən yayğın çalğılardandır deyə bilərik. Alətin adı mənşəcə italyan olan iki sözün birləşməsindən ibarətdir: forte – ucadan, piano – astadan.

Fortepiano özündən əsrlər öncə yaranmış clavicordo (clavicordio)clavicembalo`nun gəlişməsi nəticəsində yaranan çalğıdır. Alətin icadı italyan clavicembalo ustası Bartolomeo Cristofori`nin (1655-1731) ismi ilə bağlıdır. Fortepianonun çalınma mexanizminin yaranması tarixi rəsmi olaraq 1709-cu il sayılır.

Fortepiano dedikdə iki alət nəzərdə tutulur: piano və royal. Piano otaq üçün, royal isə, ölçüsündən asılı olaraq, həm otaq, həm də iri salonlar üçün nəzərdə tutulmuşdur. Bir qayda olaraq səhnədə musiqi royalda ifa olunur.

Fortepiano simli vurma çalğıdır. İfası xüsusi mexanizm – clavis (dillər) sistemi ilə gerçəkləşir. Alətin klaviaturası üzərində 52 ağ və 36 qara dil yerləşir. Hər dil çəkicə bağlıdır. Dilə basmaqla çəkic simə toxunur və səs çıxır. Simlər pianoda şaquli, royalda üfüqi yerləşir.

XVIII əsrin Vyana klassiklərindən başlayaraq (xüsusilə L. V. Beethoven) Avropa bəstəçilərinin, demək olar ki, hamısı fortepiano üçün əsərlər yazmışlar.

Azərbaycanda fortepiano musiqisinin əsasını dahi Ü.Hacıbəyli qoymuş, A.Zeynallı, Q.Qarayev, F.Əmirov, C.Hacıyev, A.Bəbirov, Aydın K. Azim və başqa ünlü bəstəçilər inkişaf etdirmişlər. Fortepiano ifaçılığı sənətinin ölkəmizdə inkişafı XX yüzillikdə fəaliyyət göstərmiş böyük pedaqoqların adları (M.R.Brenner, G.Şaroyev, K.Səfərəliyeva, N.Usubova, E.Səfərova və başqaları) ilə bağlıdır. Onlar Azərbaycan pianoçuluq sənəti yolunda böyük pianoçular nəsli yetişdirməyi bacarmışlar. XX əsrdən bəri dünyada çoxlu nüfuzlu beynəlxalq müsabiqələr keçirməkdədir. Azərbaycanda ilk beynəlxalq müsabiqə laureatı Xalq artisti Fərhad Bədəlbəylidir.

Leyla Əhməd Xan

10 noyabr 2019