Hüseynağa Ağahüseyn oğlu Atakişiyev Əməkdar incəsənət xadimi, ünlü azərbaycanlı rejissor və aktyordur. O, bir istedadlı rejissor olaraq, həm də SSRİ Xalq artisti Adil İsgəndərovdan sonra Azərbaycan teatr tarixində teatrın təşkilatçısı kimi məxsusi yer almaqdadır.
1949-cu ildə Bakıda doğulub. Mirzağa Əliyev adına İncəsənət İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) aktyorluq sənəti üzrə görkəmli rejissor və aktyor Mehdi Məmmədovun sinfində təhsil alıb. 1975-ci ildə Şəkiyə gedib və rejissor Vaqif Abbasovun rəhbərliyi ilə Şəki Dövlət Dram Teatrını yaradıb. Bir müddət orada aktyor və rejissor kimi işlədikdən sonra, Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının baş rejissoru vəzifəsinə təyin olunub. Şəki teatrı Hüseynağa Ağakişiyevin yaradıcılıq dönəmlərində Azərbaycan teatr sənətinin ən dəyərli nümunələrini yaratmağı bacarmışdır. Belə ki, dəfələrlə Beynəlxalq dramaturgiya festivalları və müsabiqələrində iştirak edən Şəki teatrı çoxlu medal və mükafatlara layiq görülmüş, SSRİ-də və bir çox xarici ölkələrdə tanınmışdı. Beynəlxalq Bolqar dramaturgiya festivalında Raço Stoyanovun “Maistori” (“Ustalar”) (tamaşa I yer, rejissor – Hüseynağa Atakişiyev I yer, rəssam – Qüdrət Məmmədov I yer, bəstəkar – Aydın K.Azim I yer), Beynəlxalq Macar dramaturgiya festivalında Sandor Petöfi`nin “Tigris és Hiéna” (“Pələng və kaftar”) (tamaşa I yer, rejissor Hüseynağa Atakişiyev I yer, rəssam – Qüdrət Məmmədov I yer, bəstəkar Aydın K.Azim I yer) və Beynəlxalq Alman dramaturgiya festivalında Bertolt Brecht`in “Der aufhaltsame Aufstieg des Arturo Ui” (“Arturo Ui`nin karyerası”) (tamaşa I yer, rejissor Hüseynağa Atakişiyev I yer, aktyor İbrahim Əliyev I yer, rəssam – Qüdrət Məmmədov I yer, bəstəkar Aydın K.Azim I yer) kimi əsərləri səhnələşdirməklə nailiyyətlər əldə etmişdir.

Şəki Dövlət Dram teatrı H.Atakişiyevin rəhbərliyində SSRİ Mədəniyyət Nazirliyinin xüsusi dəvəti ilə Moskvada 20 günlük qastrol səfərinə getmişdir. Bu səfərdə H.Atakişiyevin tamaşalarından Christopher Marlowe`nun “Tamburlaine the Great” (“Böyük Teymuləng”), Bertolt Brecht`in “Der aufhaltsame Aufstieg des Arturo Ui” (“Arturo Ui`nin karyerası”), William Shakespeare`in “Romeo and Juliet” (“Romeo və Culyetta”), Rəhman Əlizadənin “Kəndimizin narları”, Mirzə Fətəli Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, Friedrich Dürrenmatt`ın “Der Meteor” (“Meteor”) və digərləri Moskva tamaşaçıları önündə göstərilmişdir. Bu böyük mədəni hadisəylə bağlı Rusiyanın sabiq mədəniyyət naziri M.Y.Şvıdkoy vaxtilə “Pravda” qəzetində “Испытание легендой” adlı böyük məqalə yazmışdı.
Qeyd etmək lazımdır ki, Vaqif Səmədoğlunun məşhur “Bəxt üzüyü” pyesini (Hüseynağa Atakişiyevə ithaf olunub) rejissor ilk dəfə Şəki Dram Teatrında səhnələşdirmişdi.
1986-cı ildə Hüseynağa Atakişiyev uğurlu fəaliyyətinin nəticəsi olaraq Azərbaycan Akademik Milli Dram Teatrında baş rejissor vəzifəsinə təyin olunur. 3 il ərzində teatrda islahatlar aparmağa çalışan rejissor kəskin etiraz və hücumlara məruz qalır və buna görə teatrı tərk edir. Milli Dram teatrında quruluş verdiyi tamaşalar: Maksim Qorkiy “Həyatın dibində”, Friedrich Dürrenmatt “Böyük Romul”, uşaqlar üçün “Məlikməmməd” nağılı, Mirzə Fətəli Axundov ”Sərgüzəşti-vəziri-xani-Lənkəran”, Vaqif Səmədoğlu “Yayda qartopu oyunu”.
1989-cu ildə rejissor Gənclər teatrını (sonralar dövlət statusu almışdır) yaradır. Yusif Səmədoğlunun eyni adlı romanı əsasında qoyulmuş “Qətl günü” tamaşası teatrın ilk işi olur.
H.Atakişiyev ömrünün sonunadək Gənclər teatrında çalışmış, çoxlu aktyor və rejissorlar yetişdirmişdir. Rejissor 157-dən çox tamaşaya quruluş vermiş, 20-dən artıq xarici dramaturqların pyeslərini türkcəyə çevirmişdir. O, həmçinin, dünyanın bir çox görkəmli dramaturqlarının pyeslərini ilk olaraq Azərbaycan səhnəsinə gətirmişdir.
H.Atakişiyevin rejissor olaraq özəl cəhətlərindən biri quruluş verdiyi tamaşalarında musiqiyə böyük önəm verməsidir. O, görkəmli Azərbaycan bəstəkarları – Adil Bəbirov, Emin Sabitoğlu, Cavanşir Quliyev və Aydın K.Azim ilə əməkdaşlıq etmişdir.
Hüseynağa Atakişiyevin aktyor olaraq da uğurlu fəaliyyəti olmuşdur. O, 57-dən çox tamaşa və kinolarda rol alıb. Bunlardan ən məşhurları “Uzun ömrün akkordları” (və ya “Üzeyir ömrü”) filmində canlandırdığı Üzeyir Hacıbəyli, “Ac həriflər” film-tamaşasında oynadığı artist obrazlarıdır.
Rejissor 2006-cı ildə elə iş sürəcində beyninə qan sızması nəticəsində dünyasını dəyişib. Onun son işi Firuz Mustafanın “Qara qutu” əsəri olub.
Allah rəhmət eləsin.
Leyla Əhməd Xan
16 noyabr 2019