Nağara (çubuqlu nağara, qoşa nağara, nakkarə) Azərbaycanın qədim çalğılarındandır. Zərb çalğıları arasında ən populyarıdır deyə bilərik.

Qədim musiqi təskirələrində (Al-Farabi, Abd Al Kadir Marağai və s.) ritm haqqında fəsillər mövcuddur. Orada rast gəlinən “nakr” kəlməsi müəyyən bir ritmik qrupun adlandırılmasında istifadə edilən termindir. Nağara “nakr” sözündən əmələ gəlmişdir, “vurma” mənası bildirir. Azərbaycan türkülərindəki nəqərat “nakr” kəlməsindən əmələ gəlmişdir, türkünün təkrarlanan oynaq hissəsinə deyilir.

Nağara ağacdan (bəzən saxsıdan) yapılan sağanaq və onun hər iki tərəfinə çəkilmiş dəridən (keçi, dəvə) hazırlanır. Çalğının sağanağı ətrafına uzun ip dolanır. Həmin ipi dartan zaman dəri gərilir və səsin yüksəkliyi müəyyən dərəcədə dəyişir.

Nağara diz üstə tutularaq şapalaq və çırtma ilə çalınır.

Nağara`nın bir neçə növü mövcuddur: qoşa nağara, çubuqlu nağara.

Çubuqlu nağara`nı ifaçı kəmərinə bərkidərək zoğal ağacından hazırlanmış qoşa çubuqla çalır.

Qoşa nağara (nakkarə) vurma çalğılarımız arasında ən qədimi hesab olunur. Çalğı bir-birinə bağlı kiçik və böyük çanaq`lardan ibarətdir. Nağara`ların gövdələri ağacdan, bəzən metaldan olur. Üzlərinə çəkilmiş dəri metal burğularla gövdəyə bərkidilir. Çalğı yerə və ya miz üstünə qoyularaq iki çubuqla çalınır. Qoşa nağaradan fərqli olaraq nakkarə`nin çanaqlarının ölçüləri eyni olur.

Nağara, çubuqlu nağara və nakkarə Şirvan aşıqlarının kiçik ansamblları tərkibində yer alan, həmçinin, Mehtər takımların`da istifadə olunan çalğılardır.

Leyla Əhməd Xan

26 noyabr 2019