Qanun Şərqdə geniş istifadə olunan bir çalğıdır. Qanun sözü ərəbcə “qayda”, “nizam”, “düzən” deməkdir. Bəzi qaynaqlara görə çalğının hələ 3000 il əvvəl Şumerlər tərəfindən çalındığı ehtimalı vardır. Yeni çağda bir çox mənbələr qanunun böyük mütəfəkkür al-Farabi (IX əsr) tərəfindən ixtira edilməsindən xəbər verir. Azərbaycan musiqi alimləri Safi-addin Urməvi (XIII əsr) və Abd al-Kadır Marağai (XV əsr) qanunu daha da təkmilləşdirmişlər. Çalğı Azərbaycanda XII-XVI əsrlərdə geniş istifadə edilməklə XVII-XIX əsrlərdə daha az çalınmış, XX əsrin II yarısında isə Azərbaycan xalq çalğıları ansamblının tərkibinə yenidən qoşulmuşdur. Bu işdə məşhur qanun ifaçısı Asya Tağıyevanın səyləri və əməyi danılmazdır.
