Akademik Qara Qarayev Azərbaycan bəstəkarı, Xalq artisti, Lenin mükafatı laureatıdır.
Qara Qarayev 1918-ci il, fevralın 5-də Bakı şəhərində məşhur həkim, professor Əbülfəz Qarayevin ailəsində anadan olmuşdur. 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yanında Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinə qəbul edilmiş və iki fakültə üzrə – pianoçu və nəzəriyyə – bitirmişdir. Eyni zamanda, bu məktəbdə fakültətiv olaraq bəstəkarlıq dərsləri almışdır. İlk müəllimləri Üzeyir Hacıbəyli və Leopold Rudolf olmuşlar. 1935-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına qəbul olmuş və Üzeyir Hacıbəylinin sinfində bəstəkarlıq dərslərini davam etdirmişdir. O, Ü.hacıbəylinin təşəbbüsü və yardımı ilə 1938-ci ildə Moskva Dövlət Konservatoriyasına daxil olmuş və D.D.Şostakoviçin sinfində bəstəkarlıq təhsili almışdır. D.Şostakoviçin asistenti, Sovet İttifaqında məşhur bəstəkar Anatoliy Aleksandrovun Qara Qarayevin bəstəkar olaraq yetişməsində böyük rolu olmuşdur.

1941-ci ildə Q.Qarayev M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsinə başlamışdır. 1943-cü ildə Birinci simfoniyasını yazmışdır. Bəstəkar 1950-1953-cü illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatroriyasının rektoru vəzifəsini icra etmişdir. Bu illər ərzində o, “Yeddi gözəl” və “İldırımlı yollarla” baletlərini yazmışdır. 1965-ci ildə Kamera orkestri üçün Üçüncü simfoniyanı bəstələmişdir. 1967-ci ildə Nijni Novqorodda və Moskvada violino və orkestr üçün Konserti ilk dəfə ifa olunmuşdur. Həmin illərdə Konrad Volf`un çəkdiyi “Qoyya” filmi üçün musiqi bəstələmişdir.
Q.Qarayev görkəmli pedaqoq, Avropada və dünyada məşhur olan, Ü.Hacıbəylinin əsasını qoyduğu Azərbaycan bəstəkarlıq məktəbinin “bənna”sı olmuş və həmin “bina”nı ucaltmışdır. Konservatoriyada çalışdığı illər ərzində o, görkəmli bəstəkarlar yetişdirmişdir: Rauf Hacıyev, Hacı Xanməmmədov, Arif Məlikov, Vasif Adıgözəlov, Xəyyam Mirzəzadə, Vladimir Şainski (Rusiya), Sami Eminov (Türkiyə), Fərəc Qarayev, Firəngiz Əlizadə, Aydın K.Azim və digərləri.
Q.Qarayev özünəməxsus musiqi və orkestr dili, dramaturgiyası və digər məziyyətləri ilə bütün Azərbaycan bəstəkarlarından seçilməkdədir.
Müəllifi olduğu əsərlər: “Vətən” operası, “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri, “Çılğın qaskoniyalı” müziklı, kantata və oratoriyalar, üç simfoniya, “Alban” və “Vyetnam” süitaları, Matəm odası, violino və orkestr üçün konsert və s.
Bəstəkar 1982-ci ildə Moskvada dünyasını dəyişmişdir.
Leyla Əhməd Xan
27 noyabr 2019