Qaval Azərbaycanın qədim zərb çalğılarındandır. Ərəbcə qaval (“kavval”) kəlməsi “çox danışan”, “çox söyləyən”, “sözü yerində deyən”, “çalğı” mənası verir. Məhz buna görədir ki, qaval bir çox ölkələrdə nəfəsli çalğılara deyilir. Məsələn, Türkiyə və Misirdə.
Qavala Azərbaycanda dəf də (dəp) deyirlər. Çalğının ona bənzər, ölçüsünə görə dəyişən bir sıra çeşidləri vardır. Məsələn, dairə.

Qaval ağacdan yapılmış, dairəvi sağanaq üzərinə nərə balığının dərisi çəkilmiş birüzlü zərb çalğısıdır. Sağanağından metal halqalar (bəzən zınqırovlar) asılmışdır ki, bu da ifa zamanı səslənməyə xüsusi bəzək verir. Qaval həm bəm (şapalaq ilə), həm də zil (çırtma və barmaqlarla) səslənməyə malikdir.
Qaval`ı bir qayda olaraq xanəndələr əldə tutar. Alətin üzə yaxın tutulması xanəndənin səsinin daha dolğun çıxmasına yardım edir.
Dahi bəstəkarımız Üzeyir Hacıbəyli qaval`ı əsas çalğı olaraq Azərbaycan Xalq çalğıları orkestrinin tərkibinə daxil etmişdir.
Qaval`ın Azərbaycanda ifaçılarından mərhum Əzizağa Nəcəfzadə`ni, Mahmud Salah`ı və Ağa Süleyman Rəhimov`u qeyd etmək lazımdır.
Leyla Əhməd Xan
23 noyabr 2019