Professor Soltan Hacıbəyov böyük bəstəkar, dirijor və pedaqoqdur. O, bir Azərbaycan bəstəkarı olaraq dahi Üzeyir Hacıbəyli`nin ənənələrinin davamçısıdır. Soltan Hacıbəyov`un musiqisi milli təfəkkürə dayanır və, məhz bu xüsusiyyət onu Üzeyir Hacıbəyli davamçısı etmişdir. S.Hacıbəyov Azərbaycan`da simfonizmin əsasını qoyan bəstəkarlardan biridir. Simfonizm musiqidə dramaturqiya deməkdir. Bu baxımdan Soltan Hacıbəyov Azərbaycan xalqının yetişdirdiyi ən gözəl simfonistlərdəndir.
Soltan Hacıbəyov 1919-cu ildə Şuşa`da dünyaya gəlmiş, 11 yaşında ailəsi ilə birgə Bakıya köçmüşdür. Musiqi texnikumuna qəbul olan S. Hacıbəyov musiqi təhsilini tromba üzrə alır. 1939-cu ildə o, Azərbaycan Dövlət Konservatoriyasına qəbul olunur, burada professor B.Zeydman və Ü.Hacıbəyli`dən dərs alır. Gənc bəstəkarın ilk əsərlərindən olan “Qızılıgül” musiqili komediyası 1940-cı ildə Musiqili teatrda səhnələşdirilmiş, uğur qazanmışdı. Həmin illərdə o, müxtəlif janrlarda əsərlər bəstələyir: fortepiano üçün 2 prelud və Sonata, “Çiçəklərin söhbəti”, “Neft haqqında nəğmə” mahnıları, “Quşcuğaz”, “Tənha yelkən ağarır” romansları, simli kvartet, simfonik variasiyalar. Növbəti illərdə bəstəkar l simfoniyanı və “Kəminə və qazı” operasını (Türkmənistan Opera və Balet teatrının sifarişi, 1945-ci il), ll simfoniyanı (1946-cı il), “Gülşən” baletini (1950-ci il, libretto Q.Almaszadə və P.Abolimova məxsusdur) yazır. Qeyd edim ki, “Kəminə və qazı” operasından “Karvan” adlı simfonik nömrə sonralar müstəqil əsər – simfonik lövhə kimi günümüzə qədər ifa olunmaqdadır və S.Hacıbəyov`un ən yayğın və sevilən əsərlərindəndir. “Karvan”la bəstəkar Azərbaycan`da simfonik lövhə janrının əsasını qoymuş, bu əsərdə S.Hacıbəyovun orkestrləşdirmə ustalığı aydın sezilir. Əsərin fəlsəfəsi də diqqətçəkəndir. Belə ki, boş səhrada karvanın gəlməsi, təbiət hadisələrinin coşması və karvanın uzaqlaşaraq yoxa çıxması əslində bir insan həyatının təsviridir. 1964-cü ildə bəstəkar daha bir simfonik əsəri – simfonik orkestr üçün “Konsert”i bəstələyir. Bəstəkar, həmçinin, uşaqlarçün mahnılar yazmış (“Oynaq topum”, ”Lay-lay”, “Bənövşə” və s.), tamaşalara musiqi bəstələmişdir (S.Vurğun “İnsan”, S.S.Axundov “Eşq və intiqam”, S.Rəhman “Əliqulu evlənir”, M.İbrahimov “Məhəbbət” və s.).
S.Hacıbəyov 1948-ci ildən Azərbaycan Dövlət Konservatoriyası`nın bəstəkarlıq kafedrasında pedaqoji fəaliyyətə başlamış, 1969-1974-cü illərdə Konservatoriya`nın rektoru vəzifəsini icra etmişdir.
Bəstəkar 1974-cü ildə Bakı`da dünyasını dəyişmişdir.
Leyla Əhməd Xan
17 dekabr 2019