Üzeyir Hacıbəyli – Azərbaycan Xalq Cümhuriyyəti`nin qurucularından biri, siyasətçi, ictimai xadim, dahi bəstəkar, akademik, pedaqoq, yazıçı, dramaturq, publisist. O, Azərbaycan musiqi kültürü tarixində yeni səhifə açmış, milli bəstəkarlıq məktəbinin qurucusu olaraq böyük nəsil bəstəkarlara (Qara Qarayev, Fikrət Əmirov, Soltan Hacıbəyov, Niyazi, Cövdət Hacıyev, Ağabacı Rzayeva, Şəfiqə Axundova, Ədilə Hüseynzadə və başqaları) yeni cığır açmışdır.

Üzeyir Hacıbəyli 1885-ci ildə sentyabrın 18-də Ağcabədi`də dünyaya gəlmişdir. İlk təhsilini Şuşa`da almış, 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında davam etdirmişdir. Orada həm də ilk musiqi təhsilini almış, fortepiano və violino`da çalmağı öyrənmişdir. Azərbaycana döndükdən sonra Üzeyir bəy bir müddət kənd müəllimi işləyir. Şagirdlər üçün dərsliklər yazır.

1908-cı ildə Üzeyir bəy “Leyli və Məcnun” (Füzuli`nin poeması əsasında) operasını yazmaqla milli musiqili teatrın əsasını qoymuşdur. Növbəti illərdə o, üç musiqili komediya (müzikl) bəstələmişdir – “Ər və arvad” (1909), “O olmasın, bu olsun” (1911), “Arşın mal alan” (1913). 1911-ci ildə Üzeyir bəy təhsilini davam etdirmək üçün Sankt-Peterburqa yollanır və Peterburq Konservatoriyasında təhsilini davam etdirir. Fəqət 1913-cü ildə Bakıya dönür. Həmin dövrdə o, opera janrına yenidən müraciət edərək daha beş opera yazır (“Şah Abbas və Xurşud Banu”, “Rüstəm və Zöhrab”, “Şeyx Sənan”, “Əsli və Kərəm”, “Harun və Leyla”). Üzeyir bəy, həmçinin, publisist olaraq fəaliyyət göstərir. Mətbuatda məqalələri ilə çıxış edir, felyetonlar yazır, əcnəbi ədəbi əsərləri ana dili – türk dilinə çevirir. O, 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında qardaşı Ceyhun Hacıbəyli ilə yaxından iştirak edir, Cümhuriyyət himninin müəllifi olur (söz: Əhməd Cavad). 20-ci illərdə Azərbaycan Milli Konservatoriyasını (1928-1929, 1939-1948-ci illərdə orada rektor vəzifəsini icra etmişdir), Dövlət Simfonik orkestr və Xor Kapellasını yaradır, Xalq Çalğıları orkestrini (not mədəniyyətli) musiqimizin hər tərəfli inkişafında müstəsna xidmətlər göstərir.

1937-ci ildə o, milli və dünya opera sənətinin böyük əsərlərindən olan “Koroğlu” operasını yazır. Üzeyir Hacıbəyli vokal-instrumental və kamera janrlarda bir çox məşhur əsərlər yaradır – “Sənsiz”, “Sevgili Canan” (söz: Nizami Gəncəvi), “Çırpınırdı Qara dəniz”, “Qaragöz” və başqaları; Kantata`lar, “Aşıqsayağı” və s.

Üzeyir bəy Azərbaycan bəstəkarlıq məktəbinin təməlini qoymuşdur. Belə ki, bu işdə Azərbaycana məşhur bəstəkarlıq müəllimi B. Zeydman`ı dəvət etmişdir. Eləcə də Q.Qarayev bə C.Hacıyev kimi istedadlı gəncləri P.İ.Çaykovski adına Moskva Konservatoriyasına oxumağa göndərmişdir. Hər iki  gənc məşhur D.D.Şostakoviç və A.Aleksandrov kimi bəstəkarlardan dərs almış, sonra Bakıya dönmüşlər. Sonralar Q.Qarayev əsası Üzeyir bəy tərəfindən qoyulmuş Azərbaycan bəstəkarlıq məktəbinin bənnası olaraq böyük işlər görmüşdür.

Üzeyir Hacıbəyli bir ictimai xadim olaraq, həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də Azərbaycan SSR`nın mədəni həyatında fəal iştirakına və, ümumiyyətlə, Azərbaycan xalqına etdiyi xidmətə görə daim ürəklərdə qalacaq.

Üzeyir bəy 1948-ci ildə Bakıda dünyasını dəyişmişdir. Allah rəhmət eləsin…

Leyla Əhməd Xan

13 dekabr 2019