Violino (ölkəmizdə violin və ya kaman da deyirlər) XVI yüzillikdə İtaliyada yaranmış, sonralar bütün Avropa ölkələrində yayılmış çalğıdır, yaylı çalğılar qrupunun tərkibinə daxildir (violino, viola, cello, kontrabas).

Violino`nun yaranışı maraq doğurur. Belə ki, bir çox mənbələrdə alətin Orta Asiyadan gəldiyi və əcdadının qopuz olduğu deyilir (halbuki, qopuz yaylı alət deyildir). Digərləri violino`nun Oğuz kamançasından gəlişdiyini deyirlər. Alətin atasının ərəb rəbabı olması da istisna olunmur. Bəzi qaynaqlarsa violino`nun ondan çox-çox öncə Quzey Afrikada olan füzola`nın ismiylə bağlı olduğunu bildirirlər. Füzola ərəb sözüdür, dilimizə çevirəndə “çox danışan” mənası verir. Sonralar alət İtalyaya gəlmiş, adı, forması, həmçinin çalınma tərzi dəyişikliyə uğrayaraq viola halına gəlmişdir (viola sözünün italyanca konkret bir məna kəsb etməməsi də bu səbəbdən ola bilər). Zaman keçdikcə çalğının daha kiçik versionu yaranmış, violino adlandırılmışdır (yəni kiçik viola). Populyar violino ustaları: Amati ailəsi (XVII əsr), Antonio Stradivari (1644-1737), Andrea (1626-1698) və Giuseppe (1698-1744) Guarneri.
Violino yaylı çalğıdır. Ağacdan hazırlanmış çanağın üzərinə gərilmiş dörd teldən və əlavə sapdan ibarətdir. Standart diapazonu kiçik oktavanın sol – dördüncü oktavanın do aralığındadır.
Violino həm solo, həm də ansamblların və simfonik orkestrin tərkibində yer almaqdadır.
Ünlü violino ifaçıları: Arcangelo Corelli, Antonio Vivaldi, Giuseppe Tartini, Giovanni Battista Viotti, Niccolo Paganini, Yehudi Menuhin, David Oystrax, Gidon Kremer, Leonid Koqan və digərləri. Ölkəmizdə yetişmiş görkəmli ifaçılar: Azad Əliyev, Sərvər Qəniyev, Bəyazid Axundov və başqaları.
Leyla Əhməd Xan
14 noyabr 2019