Violoncello (cello) violin ailəsinə (violino, viola, violoncello, controbasso) aid bir çalğıdır. Violoncello kəlməsi iki sözün birləşməsindən yaranmışdır – violon və cello. Violon (violin) italyancadan kaman deməkdir, cello isə latınca-italyanca “baş”, “böyük”, “öncül” mənası verir (türkcəsi “kəllə”).
Violoncello XVI yüzillikdə İtaliyada Andrea Amati (1538) və Gasparo da Salò tərəfindən yaradılmış çalğıdır. Əcdadının viola da gamba (“ayaq kamanı” və ya “ayaqlı kaman”) olduğu bilinir. İlk yarandığı dövrlərdə violoncello müşayət aləti kimi istifadə edilmişdir. XVII əsrin sonlarında isə violoncello Domenico Gabrielli`nin onun üçün yazdığı ilk əsərlərlə bir solo çalğıya dönüşmüşdür. Çağdaş dövrümüzdə violoncello həm solo, həm də ansamblların və simfonik orkestrin tərkibində əvəzsiz yer tutan alətdir.

Violoncello yaylı çalğılar qrupuna aiddir. Quruluşca viola`ya çox bənzəyən çalğı ondan ölçüləri, ifa yöntəmi və tembri ilə fərqlənir. Çalğının alt hissəsinə bərkidilmiş ayağı yerə dirənir, alət özü isə ayaqlar arasında tutularaq dörd şaquli tel üzərində çalınır. Violoncello`nun səs diapazonu böyük oktavanın “do” səsindən dördüncü oktavanın “la” (bəzən daha yüksək) səsinədəkdir.
Məşhur violoncello ifaçıları: Domenico Gabrielli, Carlo Alfredo Piatti, Pablo Casals, Mstislav Rostropoviç, Jacqueline du Pré və digərləri.
Leyla Əhməd Xan
28 noyabr 2019